Jun 17, 2012

Qafqazda etnik konfliktlərin “semiotik anomaliyalar” prinsipində çözümü (Dağlıq Qarabağ timsalında)

Şuşa ,Dağlıq Qarabağ © Onnik James Krikorian 2010

Professor Niyazi Mehdi tərəfindən

Dağlıq Qarabağ konfliktinin indiki mərhələsində konfliktin çözümü adların, simvolların yığılıb törətdiyi çıxmaza, küncə düşüb. Standart yollarla oradan heç cürə çıxmaq olmur: ermənilər müstəqil respublika simvolunu güzəşt edə bilmirlər, azərbaycanlılar isə öz sərhədlərini dəyişib Azərbaycanın məkanca kiçilməsinə razı ola bilmirlər. Oxşar durum Çeçenistan və Rusiya, Abxaz və Gürcüstan konfliktlərində də var. Biz  bu çıxmazdan qurtulmaq üçün yeni avtonomiya modelini təklif edirik (“nomiya” yunanca qanundur, “avtonomiya” isə “öz qanunları ilə özünü idarə edən” deməkdir). 

Bizim təklif etdiyimiz model Qafqaz üçün düşünülsə də Qafqazdan qıraq  yerlərdə, məsələn, Kiprdə, Güney Azərbaycanla bağlı İranda da lazımi transformasiyalardan sonra tətbiq edilə bilər.

Təklif etdiyimiz avtonomiya modeli konflikti semiotik (işarə sistemi ilə bağlı) anomaliya prinsiplərində çözür. İndi isə anomal avtonomiya modelini Dağlıq Qarabağ konflikti və faktları materiallarında yoxlanmadan keçirək.

Öncə təklifimizin kontekstini vermək üçün hazırkı durumu cızaq: 

DQ konfliktinin çözümünə Ermənistan tərəfindən əngəl olan motivlər: Ermənistan ordusu Dağlıq Qarabağda indiki uğurdan sonra faktiki olaraq DQ-ni Azərbaycan Dövlət sistemindən çıxarıb. Ancaq Beynəlxalq Hüquq bu de-faktonu de yure-yə çevirməyə imkan vermir. Bundan çıxılmaz vəziyyət yaranıb. Sözsüz, DQ erməniləri üçün imkan var ki, bəzi siyasi simvollarda Azərbaycan tərkibində qalıb faktiki olaraq müstəqil dövlət kimi yaşasınlar. Ancaq belə perspektivdən ermənilər qorxurlar. 

Birincisi, ondan qorxurlar ki, Azərbaycan hərbi-iqtisadi-mənəvi planda güclənsə, o biri tərəfdən isə Qafqaz üzərində Beynəlxalq nəzarət  zəifləsə, Azərbaycan DQ üzərindəki suverenlik simvollarından istifadə edərək DQ-də həmin faktiki müstəqil dövlət vəziyyətini aradan götürəcək. Deməli, ermənilər yüz faizlik qarantiyanın mümkün olmadığı durumda Azərbaycan dövlətinə mənsub olmaq simvollarının gizli təhlükələrindən ehtiyat edirlər. 

İkincisi, sakit vəziyyətdə Azərbaycanda miqrasiya və demoqrafik dinamikadan qorxurlar. Bildirirlər ki, DQ-də Naxçıvan variantı təkrar oluna bilər, yəni DQ-də azərbaycanlı artımı barış vasitələri ilə ermənilərin DQ-dən sıxışdırılması, deməli DQ-yə sülh yolu ilə qələbə çalınması ola bilər (bu, erməni versiyasıdır və azərbaycanlı tırəfin ona cavabı var). 

Üçüncüsü, DQ üzərində Azərbaycan dövlət simvollarının qəbulu Ermənistan və DQ ermənilərinin müqavimətləri ilə bağlıdır: rəsmilər bildirirlər ki, bu qədər uğurdan sonra keçmişə dönüb DQ-nin öncəki statusunu qaytarmağa camaat imkan verməz.

DQ konfliktinin çözümünə Azərbaycan tərəfindən əngəl olan motivlər:  

Birincisi, mədəni, etnik və dövlət şüuruna görə azərbaycanlılar üçün Qarabağ dağlıq hissəsi ilə birlikdə vətən coğrafiyasındadır. DQ-ni ayırmaq bu şüur üçün milli qəza, az qala kosmik katastrofdur.

İkincisi, Beynəlxalq Hüququn məntiqi, sistemi (məsələn, sərhədlərin toxunulmazlığı, BMT-nin Azərbaycanı indiki sərhədlərində tanıması və s.) Azərbaycanın xeyrinə işləyir. Bu üstünlükləri əldən vermək absurd  olar. 

Üçüncüsü, güclənmək perspektivini istisna etmək olmaz, deməli, gələcəkdə revanş götürmək imkanı qalır.

Dördüncüsü, Beynəlxalq Hüququn öz avtomatizmi var, ona görə də siyasi simvollarda balaca bir güzəşt edən kimi, həmin avtomatizm “yapon dominosu” prinsipi ilə işə düşür və DQ-nin tamam itirilməsinə gətirib çıxarır: məsələn, DQ erməniləri ilə tərəf kimi danışıqların aparılması həməncə Beynəlxalq Hüququn avtomatizmi ilə DQ-nin müstəqilliyinin tanınmasında önəmli addım olur.

Beləliklə, hər iki tərəfdə duran motivlərin vektoru DQ konfliktini küncə, çıxmaza salır.

Beynəlxalq güclərin indiki sivilizasyon düzən, sahman yaratmaq pafosunda konfliktin çözümünü küncdən çıxarmaq imkanı yox dərəcəsindədir. Azərbaycan, Ermənistan kimi ölkələrdə rəhbərliyin yalnız qorxunc korrupsiyası və ya xaricdə azman “gizli bank hesabları” varsa, o zaman ifşa olunmaq şantajı və ya “hesabları” itirmək təhlükəsi yabançı təzyiqlər qarşısında belə ölkənin rəhbərini (rəhbərliyini) zəif edə bilər. Azərbaycan kimi ölkələrin rəhbərliyini “diz çökdürmək” üçün Beynəlxalq güclərin əlində hansısa başqa bir ciddi vasitə görünmür.

ABŞ Konqresinin 907-ci düzəlişi, Rusiyanın uzun müddət Azərbaycanla ticarəti zəiflətməklə ona zərbə vurması, İranın bəzi analoji addımları  sonda göstərdi ki, ölkə bu tipli təzyiqlərə dözə bilir. Beləliklə, Azərbaycan elementar təpər göstərməklə konfliktin çözümünü küncdə, çıxmazda saxlaya bilər. 

Ancaq belə bir çıxmazlığın verdiyi ümüdə baxmayaraq,  çoxları bilir ki, konflikt hər tərəfi (yəni Azərbaycanı, Ermənistanı, Dağlıq Qarabağ ermənilərini) razı salan şəkildə həll olunsa, yaxşıdır. Deyəsən, tərəflərin hamısı “yaxınlaşan mövqelər” prinsipində ona razılaşırlar ki, DQ-də ermənilər rahatca, maksimum demoqrafiq, iqtisadi, hərbi təhlükəsizlik şəraitində yaşamalıdırlar, eləcə də DQ-nin Azərbaycan əhalisi öz öncəki torpaqlarında, şəhər-kəndlərində, məhəllələrində  maksimum güvənlik şəraitində olmalıdırlar. Düzdür, hərbi uğurlarından sonra DQ ermənilərinin bir istəyi də var, yaşadıqları yerləri öz dövlətləri kimi duysunlar. Azərbaycanın erməni azlığı istəyir ki, DQ onların milli dövlətçilik şüurunun daha bir faktı olsun. Ciddi çətinliyi bu istək yaradır.

Belə bir kontekstdə biz konfliktin barış yolu ilə çözümünü mümkün edən DQ modelini veririk. Həmin modeli qurmağa imkan verən metodologiya belədir:  model, birincisi, Dağlıq Qarabağı Azərbaycan anomaliyası kimi tanıyır (“a-nomaliya” yunanca qanunauyğunludan qıraqda duran, a-normal, normadan dişarıda qalan hadisədir). Bu o deməkdir ki, DQ-nin statusu Beynəlxalq Hüququn bəzi qaydalarının məntiqinə sığmayan prinsipdə qurulur və həmin hüquqa baxanda DQ anomaliya olur. İkincisi, model bizim metforik olaraq adlandırdığımız “dinamik pat” vəziyyəti yaradan prosedurlardan istifadə edir. Şahmatda bu dinamikanı biz “əbədi şah” situasiyasında görürük.  İki fiqur bir-birinə qarşı hərəkət edir, ancaq hərəkət heç bir yeni vəziyyətə, inkişafa  gətirib çıxarmır. Beləcə, sonsuz sayda təkrarlanma imkanı yaranır ki, bu da oynayanları heç-heçə durumunda saxlayır. Əbədi hərəkət etmək imkanı ilə hərəkətdən heç bir  irəliləyişə, yeni vəziyyətə çıxılmaması paradoksal şəkildə birləşir. Biz təklif etdiyimiz modeldə metaforik olaraq heç-heçəni bildirdiyimiz bu pat variantını nəzərdə tuturuq.   

Modeldə pat vəziyyətini yaradan prosedurlar Azərbaycana imkan verir ki, DQ ermənilərinə bəzi prinsipal güzəştləri edəndə beynəlxalq Hüququn avtomatizmi işə düşüb DQ-ni Azərbaycandan çıxarmasın. Erməni tərəfinə isə pat vəziyyətinə gətirib çıxaran prosedurlar imkan verir ki, onlar üçün Azərbaycan təhlükələrinin avtomatizminin qarşısı alınsın.

Bu modeldə pat proseduru “bir güzəşti onun əvəzində alınan güzəştlə təhlükəsizləşdirmə (neytrallaşdırma)” situasiyasını yaradır. Belə model hər iki tərəfin ambisiyalarını ödəməyə şərait yaradır və eləcə də DQ-də hər iki etnosdan olan camaatın güvənlikdə öz dövlət şüurları ilə yaşamasına imkan verir.

Bizim təklif etdiyimiz model XX yüz ildə gedən tendensiyalar XXI 

əsrdə həlledici amilə çevrilərsə, işləyə bilər. Kosovo, Bosniya olayları isə həmin tendensiyanı belə aydın edir: 

– heç bir milli, etnik azlığa zorakılıq etmək olmaz, onları yerindən qovmaq arzusuna düşməyin axırı yoxdur; 

– sivilizasyon (uyqar) Dünya heç kimə imkan verməyəcək ki, etnik, dini rəqibi yox etmək arzusunu gerçəkləşdirsin. 

– dünya qoymayacaq ki, etnik konfliktlərdə kimsə qalib çıxsın. Etnik və başqa azlıqlar müstəvisində olanlar yerlərində qalıb inkişaf etməlidirlər; 

– eyni zamanda bu azlıqlara imkan verilməyəcək ki, dövlətlərin sərhədlərini separatçılıq edib azaltsınlar;

– yaranan ziddiyyətlər mədəni münasibətlər koordinatlarında çözüləcək. 

Əgər Azərbaycan tərəfini götürsək, bu deyilən dünya sistemi zəifləsə, DQ erməniləri aşağıda verəcəyimiz avtonomiya modelindən istifadə edib DQ-ni ayırmaq istəsələr, o, güc vasitəsi ilə prosesin qarşısını almağa hazır olmalıdır. Bu o deməkdir ki, aşağıda verəcəyimiz model tərəflərin bir-birinə şübhə ilə, Beynəlxalq qurumların ciddi “bahalı” nəzarət sistemi ilə nəzarətini istisna etmir. 

Biz aşağıda DQ anomal avtonomiyasının açar-prinsiplərini veririk, detallar, aspektlər ekspert işlərinin nəticəsində aydınlaşa bilər. Biz, sadəcə, konseptual cizgiləri aşağıdakı şərti bəndlərdə cızırıq:

1) Azərbaycan, Ermənistan və DQ-nin azərbaycanlı, DQ-nin erməni icmaları razı olurlar ki, DQ Azərbaycandaxili anomaliya olmalıdır – ona görə də problem anomaliya kimi çözülməlidir. 

Bu qəbul olunandan sonra DQ-nin anomallığığı, yəni Beynəlxalq prinsiplərin məntiqi əsasında çözülməməsi üçün pat vəziyyətlər yaradılır: irəlicədən bəzi siyasi-hüquqi gedişləri pat vəziyyətinə salan bağlaşma yapılır (bağlaşmada “pat vəziyyətinin” prosedurları qəbul olunur). DQ anomaliyası müqavilə nəticəsində aşağıda verilən vəziyyətlər tipindən, pat situasiyalarından əldə edilir:

2) DQ-ni Azərbaycan “DQR” adında tanıyır – sanki bu, “DQR”-in müstəqilliyinin tanınmasıdır, ancaq ““DQR””-in Azərbaycan referendumu olmadan adını dəyişdirməyə, Azərbaycan sərhədlərindən çıxmağa ixtiyarı olmur (ermənilər özlərinə, məsələn, “Arsaq” və ya başqa adı götürə bilmirlər, eləcə də Azərbaycanın ixtiyar verməmək hüququ “DQR” simvolunu tanımasının kompensasiyası olur. Mümkündür ki, Azərbaycan “DQR”i rəsmi sənədlərində həmişə dırnaqda yazsın).

3) “DQR”-in öz ordusu olur (adda), ancaq adı “ordu” olan bu qurum Azərbaycanın inspeksiyası altında olur və yalnız polis kimi yaraqlanır, ağır silahlı orduya çevrilmir (ordu simvolundan Beynəlxalq hüquq avtomatizmi ilə gerçək orduya keçmək olmur, vəziyyət “pat prinsipində” çıxmaza salınır). Bu orduda ermənilər və azərbaycanlılar DQ-dəki etnik tənasüblərinə uyğun olaraq təmsil olunurlar 

4) “DQR”-in özünün parlamenti olur, bu parlamentdə azərbaycanlı azlığın kvota ilə deputatları olur. Parlament Azərbaycan Milli Məclisinin qanunlarını modifikasiya edir, yalnız irəlicədən razılaşdırılmış məsələlərdə öz qanunlarını çıxara bilir.

5) “DQR”-in Azərbaycan Parlamentində kvota prinsipi ilə nümayəndələri olur, təkliflər verirlər, səsvermədə iştirak edirlər. 

6) 5 ildə bir dəfə Azərbaycan parlamenti “DQR”-i ləğv etmək haqqında məsələ qaldırır, yalnız bu məsələdə (bir neçə başqa simvolik məsələ də əlavə etmək olar) “DQR” nümayəndələrinin veto hüququ olur. Məsələ qalxanda “DQR”-in rəsmi sənədi əsasında onun nümayəndəliyi veto qoyur (“DQR”-in rəsmi sənədi ona görə prosedura daxil edilir ki, təsadüflərə və b. səbəblərə görə vetonun qoyulmamasının qarşısı alınsın – məsələn, erməni nümayəndələri korrupsiyaya uyub veto qoya bilməsinlər).

7) Hər beş ildən bir “DQR” parlamenti Azərbaycandan çıxmaq (öz pulunu yaratmaq və s.) haqqında qanun çıxarmaq istəyir və Azərbaycan azlığı Bakının verdiyi sənəd əsasında veto qoyur. 

8) Bu veto qoymaq tipli pat oyununu simvolik aksiya kimi bir çox ağrılı məsələlərdə bağlı işlətmək olar. Zaman keçdikcə anomaliyalar, pat gedişləri, çıxmaz vəziyyətlər öz yumorunu, yüngüllüyünü azaldır, qəribə, orijinal rituala çevrilir: belə rituallar İngiltərənin bəzi siyasi aksiyalarında qalıb. Biz bu rituallara da semiotik anomaliyalar deyərdik: onların işarə, bildirici (siqnifikasiya) cərgəsinin gerçəklikdəki təməlləri (vaxtı ilə bildirdikləri gerçəklik faktları) annihilizə olsa da, yoxluğa uğrasa və ya deskriditasiyaya düşsə də əvəzində psixoloji təsir, kulturoloji cazibə planında önəmləri artır. Avstraliyanın dövlət başçısı sayılan Yelizoveta II-nin kraliça personası belə semiotik anomaliyalardandır. 

(İrəlidə göstərdiyimiz “pat situasiyalarının” azərbaycanlı-erməni ziddiyyətlərinə gətirə biləcəyi terapevtik, psixoloji təsirləri ayrıca araşdırıb düşünmək olar).

9) Ermənistan Azərbaycana və ya başqa ölkəyə müharibə elan etsə, “DQR”-in ixtiyarı olmur ki, “respublika” hüquqi terminin avtomatizmi ilə Ermənistanla ittifaqa girə bilsin.

10) Azərbaycan Ermənistana və ya başqa ölkəyə  müharibə elan etsə, ixtiyarı olmur ki, “DQR”-i  öz tərkibi kimi müharibəyə cəlb etsin.

Beləliklə, hər tərəfin ambisiya və ləyaqət duyğusu simvolların dilində ödənilir. Pat prosedurları sayəsində ağrılı məsələlərlə, başqa tərəf üçün qorxulu istəklərlə bağlı hərəkət imitasiyası yaradılır, ancaq bu hərəkət heç vaxt irəliyə aparmır, yerində sayır.

Verilən anomaliya avtonomiyasının modelinin qarantı BMT və dəyişən vəziyyətdə onun varisi olmalıdır. Modeli içəridən dağıtmaq üçün sistemli iş aparan və ya modeldən üz çevirən tərəf müqaviləyə əsasən özünü BMT-yə qarşı müharibə vəziyyətinə salan tərəf sayılır və ona görə də ona qarşı adekvat ölçülər götürülür. 

Dediymiz kimi, biz anomal avtonomiyanın paradiqmasını, açar, giriş tipli modelini veririk. Bu modeldən qabaq Şuşa, Laçın, Kəlbəcər, Ağdərə üzrə razılaşmalar olmalıdır. Razılaşmalarda yenə anomaliya və pat prosedurlarından istifadə etmək olar. 

(Bəndlərdə verdiyimiz bütün misallar şərtidir və prinsipləri açmaq üçündür. Dörd tərəf anomal avtonomiya modelini pat prosedurlarının vasitəsi ilə hazırlamağa razı olsalar, prinsipləri saxlayıb bizim yuxarıdakı bəndlərdə yaratdığımız situasiyalara düzəlişlər və ya alternativlər verə bilər). 

 

CONFLICT VOICES e-BOOKS

 

Conflict Voices – December 2010

Short essays on the Nagorno Karabakh Conflict
Download in English | Russian

 

Conflict Voices – May 2011

Short essays on the Nagorno Karabakh Conflict
Download in English | Russian

Can Armenia and Azerbaijan finally reach an agreement by COP29?

Can Armenia and Azerbaijan finally reach an agreement by COP29?

As this year’s United Nations Climate Change Conference in Baku draws closer, negotiations between Armenia and Azerbaijan appear to be drifting further apart. Despite hopes that the opposite would be true, a lack of clarity and confusion instead continues to reign. Does the draft Agreement on Peace and Establishment of Interstate Relations contain 17 points or 16? Initially, Armenian Prime Minister Nikol Pashinyan had announced that consensus had been reached on 13 points while 3 were partially agreed and there was no agreement at all on a fourth.

read more
Militant Groups Resurface in Armenia’s Struggle Against Radicalization

Militant Groups Resurface in Armenia’s Struggle Against Radicalization

Last month, Armenia arrested several individuals accused of recruiting others to stage a coup in the country. The group has a history of recruiting Armenian citizens as foreign fighters in Russia’s war in Ukraine.

The Armenian government faces a potential vulnerability from militant groups as progress occurs in the normalization process with Azerbaijan following the 2020 44-day war and recent conflict in Karabakh, fueling discontent among many Armenians.

read more