Zamira Abbasova
Mən 1984-cü ildə Vardenisdə anadan olmuşam, dörd il sonra isə mənim bütün ailəm qohumlarımız ilə birlikdə kütləvi sürgün nəticəsində Ermənistanı tərk edib, Azərbaycana köçməli olmuşlar. Ermənistandan getdiyim zaman mənim dörd yaşım var idi və geriyə baxaraq arxada buraxdıqlarımı xatırlaya bilməməyimin yaxşı və ya pis olduğunu deyə bilmərəm. Amma evimizi, bağçamızı, oyun meydançamızı, dostlarımı, alma ağacımı və sevdiyim xoruzu xatırlayıram.
Azərbaycana gəldikdən sonra mən evimiz və viranə qalmış kəndimizdə gəzməyim barədə xəyallar qururdum. Amma bir vaxtdan sonra isə hər şey yoxa çıxmağa başladı. Buna baxmayaraq, ailəm evimizə nə vaxtsa dönəcəyimiz barədə heç bir zaman ümidlərini itirmirdi. Biz inanırıq ki, əsrlər boyu birlikdə yaşayan iki qonşu onları izləyən nifrətə baxmayaraq nə vaxtsa yenidən bir araya gələcəklər.
Azərbaycanda illər boyu biz özümüzü yerli mədəniyyətdən uzaq tuturduq və öz etnik köklərimizə uyğunlaşa bilmirdik. Bizə bir yad-elli kimi davranmaları vəziyyəti lap çətinləşdirirdi. Ermənistandan olan Azərbaycanlılar nəticədə özlərini digərlərindən ayrı tuturdular və yalnız özləri arasında qaynayıb qarışırdılar. Bizə qarşı ayrı-seçkilik hər yerdə idi. Getdiyim bağçada, məktəbdə və hətta ictimai həyatımızda.
Yerli Azərbaycanlılar bizim fərqli olduğumuzu bizə aşılamışdılar, baxmayaraq ki, eyni qandan və eyni etnik kökəndən idik. Mən Ermənistandan olduğumu eşidərək böyüyürdüm və bu o demək idi ki, mən özümü Erməni-Azərbaycanlı kimi tanıyırdım. Bu da bizimkilərin düşünmə mövqeyinə əsasən Azərbaycan cəmiyyətində bir pillə aşağı olmağa bərabər idi.
Bir müddət sonra mən məsələni daha aydın şəkildə anlamaq üçün münaqişə haqqında daha ətraflı oxumağa, onları təhlil etməyə, hər kəsin düşüncəsini öyrənməyə başladım. 2009-cu ildə mən Edmund Muskie Proqramı üzrə Münaqişələrin Həlli sahəsində təhsilimi davam etdirmək üçün ABŞ’a getdim. Bununla yanaşı mən münaqişələrlə bağlı müxtəlif tədbirlərdə, simulyasiya seminarlarında və simpoziumlarda iştirak etməyə başladım.
Ermənilər ilə ilk dəfə görüşüm mənim bütün hisslərimi və duyğularımı qarışdırdı və oynatdı. Çoxlu dostluq əlaqələri qurdum, onlarla səmimi şəkildə söhbət etdim və onların fikirlərini öyrəndim. O vaxtdan, hər dəfə istər küçədə və ya yığıncaqda bir Erməni görəndə, içimdə onlarla və anadan olduğum torpaqla gözəgörünməyən bağ olduğunu hiss edirəm. Hətta “onlar bizim düşmənimizdir” faktı heç ağlıma gəlmir. Bu “yaxşının” “pis” üzərində qüvvəsidir, barəsində uzun zaman düşünmədiyimiz qüvvə.
Bu sahədə yeni olsam da bu müharibə məni Sülh Savaşcısı edib. Mənim mübarizəm daha mürəkkəbdir. Çünki bir tərəfdən mən münaqişədə olanlara , digər tərəfdən isə özümə kömək etməliyəm.